Mərkəzi Bankın notlarla bağlı dəyişikliyi kapital bazarına müsbət dinamika gətirəcək - açıqlama
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) banklarla yanaşı, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxslərinə də Mərkəzi Bankın qısamüddətli notlarına sahib olmaq imkanı yaradıb. Bankların likvidlik mövqeyində, qiymətli kağızlar bazarının müxtəlif seqmentlərində kəskin dəyişikliklərə yol verməmək üçün burada müəyyən limitlər tətbiq ediləcək.
Bu barədə “AzFinance” investisiya şirkətinin direktor müavini Pərvanə Qasımova AZƏRTAC-a bildirib.
“Ümumiyyətlə, ilk növbədə, notların mahiyyətinə aydınlıq gətirmək doğru olardı. Onlar pul siyasətinin tənzimlənməsi üçün istifadə olunan qısamüddətli qiymətli kağızlardır. Bu günə qədər hərraclarda yalnız banklar iştirak edə bilirdisə, dəyişiklikdən sonra not hərraclarında həm də qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də iştirak edə biləcəklər. Notlar qısamüddətli aktiv olduğu üçün bu özəl şirkətlərin hesablarında olan vəsaitlərin qısamüddətli olaraq yerləşdirilməsi və gəlir əldə edilməsi üçün böyük fürsətə çevriləcək. Çünki Mərkəzi Bankın notları ölkənin ən likvid kağızlarıdır. Onlar 28 günlük və 3 aylıq qiymətli kağızlara investisiya qoymaq, faiz gəlirləri əldə etmək imkanından yaralana biləcəklər. Bunun üçün öncə şirkət Azərbaycandakı investisiya şirkətlərinin biri ilə müqavilə bağlamalıdır. Milli Depozit Mərkəzində hesablar açılır və investorlar istədikləri zaman AMB-nin not hərraclarına qatıla bilərlər", - deyə P.Qasımova qeyd edib.
O diqqətə çatdırıb ki, Mərkəzi Bankın notlarla bağlı dəyişikliyi kapital bazarına müsbət dinamika gətirəcək: “Yeni qaydaların müsbət təsiri sadəcə şirkətlərə deyil, kapital bazarının özünə də aiddir. Çünki yeni qaydaya əsasən not alışında seqment genişlənir və bu bazarda aktivliyi artıracaq. Bu isə şirkətlərin kapital bazarının bütün imkanları ilə tanış olması ilə baş verəcək”.