Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb
Bakı, 12 iyun, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli şöbədə yaradılmış şəraitlə yaxından tanış olub. Kitabxana rəhbərliyi ilə görüş keçirən akademik İsa Həbibbəyli Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen olduğunu qeyd edib. O, ulu öndər Heydər Əliyev irsini gələcək nəsillərə ötürməyi hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb: “Məhz bu məqsədlə Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb. Bu şöbənin başlıca məqsədi böyük dühanın irsini toplamaq, elektron versiyasını hazırlayaraq yerli və dünya oxucularına təqdim etməkdir.
Dünyanın siyasi tarixində önəmli yer tutan böyük azərbaycanlı Heydər Əliyevin qoyduğu ənənələri, siyasi inkişaf yolunu Prezident İlham Əliyev layiqincə davam etdirir. Xalqımız Ulu Öndərin irsinə məhəbbətlə yanaşır və göz bəbəyi kimi qoruyur. Mərkəzi Elmi Kitabxana bundan sonrakı fəaliyyətində də Heydər Əliyev irsinin təbliğində əlindən gələni edəcək”.
Sonra MEK-in direktoru Sevil Zülfüqarova yeni şöbənin fəaliyyət planı haqqında məlumat verib və gələcəkdə bu istiqamətdə mütəmadi tədbirlər keçiriləcəyini vurğulayıb. O, həmçinin ulu öndər Heydər Əliyevin təhsilə, mədəniyyətə, elmə, kitabxanalara qayğısından söz açıb.