Mərkəzi Nəbatat Bağında Qarabağın bitki müxtəlifliyini əks etdirən guşələr yaradılacaq
Bakı, 3 noyabr, AZƏRTAC
AMEA Mərkəzi Nəbatat Bağının ərazisində Qarabağın bitki müxtəlifliyini özündə əks etdirəcək guşələrin yaradılması planlaşdırılır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev məlumat verib. O qeyd edib ki, düşmən tapdağından yenicə azad olunmuş bölgələrimizin adını daşıyacaq bu guşələrdə əkiləcək ağac növləri bağı ziyarətə gələnlərə doğma diyarımızın zəngin florasını əyani nümayiş etdirəcək. O, həmçinin xarici turistləri ölkəmizin zəngin florası ilə yaxından tanış etmək məqsədilə Mərkəzi Nəbatat Bağında meyvə bağının bərpası, Azərbaycan florasına mənsub müxtəlif növ meyvə ağaclarının becərilməsi və Abşeron şəraitində onlara düzgün aqrotexniki qulluğun göstərilməsinin qarşıda duran əsas məsələlərdən olduğunu bildirib.
Vurğulanıb ki, yenidənqurma işləri çərçivəsində Nəbatat Bağının 1-ci sahəsinin fitodizayn cəhətdən zənginləşdirilməsi məqsədilə həmin ərazi üçün uyğun əkin materiallarının növlərinin seçimi və miqdarının müəyyənləşdirilməsi aparılıb. Mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində Nəbatat Bağında çay kolleksiyasının yaradılması da nəzərdə tutulur.