ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağının illik fəaliyyəti müzakirə edilib
Bakı, 17 dekabr, AZƏRTAC
Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə Mərkəzi Nəbatat Bağının 2020-ci il üzrə elmi-təşkilati fəaliyyətinin hesabatı dinlənilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Nəbatat Bağından məlumat verilib. Bildirilib ki, Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, hesabat ilində “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” çərçivəsində Mərkəzi Nəbatat Bağı fəaliyyətini uğurla həyata keçirib. Belə ki, cari ildə “Təbii və mədəni floradan olan bitki növlərinin introduksiyası və kolleksiya fondunun yaradılması” problemi üzrə 5 mövzunu əhatə edən 11 iş və 21 mərhələdə tədqiqat işləri aparılıb. Nəbatat Bağının alimləri tərəfindən 1 kitab, 2 monoqrafiya, yerli mətbuatda 8 məqalə və 4 tezis, xarici mətbuatda 5 məqalə, impakt faktorlu jurnallarda 7 məqalə dərc edilib, elmi işçilərin əsərlərinə 26 istinad edilib. Bağın əməkdaşları 4 layihədə, 2 beynəlxalq treninqdə iştirak edib, Botanika Bağlarının Mühafizəsi Üzrə Beynəlxalq Təşkilatı, “REC Caucasus”, Botanika Bağlarının İqlim Dəyişmələri İttifaqı, Böyük Britaniya, Kyu Kral Botanika Bağları və başqa təşkilatlar ilə əməkdaşlıq əlaqələri qurulub.
Hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə akademiklər Qərib Məmmədov və Validə Əlizadə, akademiyanın müxbir üzvləri Novruz Quliyev və Maqsud Qurbanov, biologiya elmlər doktorları Ulduz Həşimova və Şakir Qasımov iştirak edərək hesabatı müsbət dəyərləndiriblər.
Sonda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Mərkəzi Nəbatat Bağının fəaliyyətini qənaətbəxş qiymətləndirib, növbəti illərdə ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsini tövsiyə edib.