MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI DAİRƏ SEÇKİ KOMİSSİYALARININ SƏDRLƏRİ ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
MSK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 12-də Mərkəzi Seçki Komissiyası Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar seçki dairələri dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seminar-müşavirə keçrimişdir.
MSK sədri Məzahir Pənahov seminar-müşavirədə çıxış edərək demişdir ki, Sərəncamda Mərkəzi Seçki Komissiyasına aşağı seçki komissiyaları üçün maarifləndrici tədbirlərin keçirilməsi tövsiyə olunmuşdur. MSK ötən ilin əvvəllərindən başlayaraq aşağı seçki komissiyaları üçün belə tədbirlər keçirir və bu tədbir də dairə və məntəqə seçki komissiyaları üçün hazırlanmış proqramın tərkib hissəsidir. M.Pənahov qeyd etmişdir ki, dövlətimizin başçısının təşəbbüsü ilə dairə seçki komissiyalarının monitorinqi aparılmışdır. Monitorinqin nəticələri barədə ölkəmizin başçısına məruzə edildikdən sonra Prezidentin göstərişi ilə 100-dən çox DSK üçün yeni inzibati bina tikilərək istifadəyə verilmişdir. Bütün dairə seçki komissiyaları lazımi avadanlıqla təchiz olunmuşdur. Bütün bunların Prezidentin nəzarəti altında həyata keçirildiyini vurğulayan M.Pənahov dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir. MSK sədri qeyd etmişdir ki, ölkəmizin rəhbərinin göstərişi ilə seçki məntəqələri də yeni tikilmiş və ya təmir edilmiş, normal iş şəraiti olan binalarda yerləşdiriləcəkdir.
Ölkədə seçkilərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını söyləyən sədr bildirmişdir ki, seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik və təkmil qanunverici baza da mövcuddur. Yaradılan bütün bu şəraitin fonunda seçki komissiyaları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməyə borcludurlar.
Sonra MSK-nın sədri “Azərbaycan Respublikası Prezidentinin növbəti seçkiləri ilə əlaqədar seçki komissiyalarının vəzifələri” mövzusunda məruzə ilə çıxış etmişdir.
MSK-nın katibi Natiq Məmmədov dairə seçki komissiyalarında aparılmış monitorinqin yekunlarına dair hesabat vermiş, bəzi DSK sədrlərinin hesabatları dinlənilmişdir.
Tədbirin sonunda DSK sədrlərinin sualları cavablandırılmışdır.