MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov namizədliyi özü tərəfindən irəli sürülmüş İntiqam Çərkəz oğlu Məmmədovun Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin təsdiq olunması məsələsinə baxılması haqqında məlumat vermişdir. MSK həmin şəxsin namizədliyinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, sonra Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilmiş Teymur Pərviz oğlu Quliyevin və Fikrət Tağı oğlu Əhədovun müraciətləri əsasında onların namizədliyinə xitam verilməsi barədə də qərar çıxarılmışdır.
İclasda, həmçinin MSK nəzdində seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarət edən mətbuat qrupunun yenidən təşkili məsələsinə də baxılmış və həmin qrupun yenidən təşkili haqqında qərar qəbul olunmuşdur. MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri, ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Qeyd edək ki, MSK-nın tərkibi, fəaliyyəti, qəbul etdiyi sənədlər, Katibliyin strukturu, aşağı seçki komissiyalarının tərkibi, ünvanları barədə Komissiyanın rəsmi internet səhifəsindən məlumat əldə etmək olar. Komissiyanın internet səhifələrində seçici siyahıları ilə tanışlıq, adların vahid seçici siyahısında olub-olmamasının yoxlanması da mümkündür.
MSK-nın internet ünvanı belədir: www.msk.gov.az; cec.gov.az; infocenter.gov.az