MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov 2008-ci il oktyabrın 15-nə təyin edilmiş prezident seçkilərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin”, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin və “RƏY” Monitorinq Mərkəzinin “exit-poll” keçirmək barədə müraciətlərinə dair məlumat vermişdir. Komissiya bu müraciətlərə baxmış və həmin qurumların qeydə alınması barədə qərarlar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev Komssiyaya daxil olmuş müraciətlər barədə məlumat verərək bildirmişdir ki, bu müraciətlərə MSK nəzdində seçkiqabağı təşviqatın aparılması qaydalarına nəzarəti həyata keçirən Mətbuat qrupu tərəfindən baxılmış və rəylər verilmişdir. Mərkəzi Seçki Komissiyası Mətbuat qrupunun təsdiq etdiyi rəyləri bəyənmiş və müvafiq qərarlar qəbul etmişdir.
İclasda ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının üzvləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ və Böyük Britaniya səfirliklərinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Beynəlxalq Respublikaçılar İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.