MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə komissiyanın iyulun 4-də, 18-də və 28-də keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O bildirmişdir ki, YAP-ın avqustun 2-də keçirilmiş IV qurultayının qərarı ilə 2008-ci il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər avqustun 2-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur. MSK bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli sürülmüş namizədliyin təsdiqlənməsi üçün əsasların olduğunu müəyyən etmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasından təşəbbüs qrupu və “Ehtiyatda Olan Zabitlər Konfederasiyası”nın təşəbbüs qrupu İlham Əliyevin namizədliyini dəstəklədikləri barədə Komissiyaya müraciət göndərmişlər.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2008-ci il oktyabrın 15-nə təyin edilmiş prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.
Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin prezidentliyə namizədliyinin təsdiq olunması məsələsi barədə də məlumat verilmiş və onun da namizədliyinin təsdiqlənməsi üçün təqdim edilmiş sənədlərin qaydasında olduğu bildirilmişdir. MSK İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyinin təsdiq olunması barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası özü tərəfindən irəli sürülmüş Yaşar Rəhim oğlu Əhmədovun, Vüqar Sabir oğlu Seyidovun, Əlimuxtar Dadaş oğlu Əkbərovun və Sevinc Məhərrəm qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması barədə də qərarlar qəbul etmişdir.
MSK bəzi normativ xarakterli aktların qəbulu barədə də qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 29 saylı Səbail, 52 saylı Quba, 84 saylı Füzuli, 105 saylı Tovuz, 106 saylı Tovuz-Ağstafa və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.