Məryəm Ələkbərlinin əsərləri Kann sərgisində
Kann, 2 dekabr, AZƏRTAC
Fransanın Kann şəhərində 2-ci “Art Shopping-Cote d’Azur” beynəlxalq müasir incəsənət sərgisi öz qapılarını sənətsevərlərin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, sərgidə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri də nümayiş olunub və ziyarətçilərin diqqətini cəlb edib.
Bakı və Moskvada incəsənət sahəsində təhsil aldıqdan sonra, gənc rəssam təhsilini Parisin əvvəlcə Dekorativ milli ali məktəbində, sonra İncəsənət milli ali məktəbində davam etdirib.
Əsərlərində parlaq rənglərə daha çox yer verən Məryəm Ələkbərli həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarda əks etdirir. Parlaq rənglərlə canlı modelləri və ya natürmortları kətan üzərinə köçürən gənc rəssam naturanı təfsir edib əsərinin ruhuna tabe edir. Bununla da rəssamlıqda öz dəstxətini yazır.
İncəsənət tarixçiləri Parisdə təhsil alsa da Məryəm Ələkbərlinin əsərlərində hiss olunan ekspressionizm və ruhun doğma vətənindən gəldiyini qeyd ediblər. Fransız incəsənət həvəskarları qarşısında öz əsərlərini dəfələrlə sərgiləyən istedadlı gənc rəssamın hər bir əsərinin sevinc himni, daxili aləminin səsi olduğu bildirilir. Onun əsərləri canlı rənglərin improvizasiyası vasitəsilə ifadə olunan nostalgiya melodiyası kimi xarakterizə olunur.
Tonların harmoniyasına incəliklə yanaşması onun rəng seçimindəki yüksək duyumundan və peşəkarlığından xəbər verir. Əvvəlcə quaş, akrilik boyalarından istifadə edən gənc rəssam son vaxtlar yağlı boyalara üstünlük verir.
Paris “Art Shopping”in satış üzrə direktoru Stefan de Boysson bildirib ki, əsərləri dünyanı gəzən istedadlı rəssamın ilk əsəri ötən il satılıb. Həmin vaxtdan bu günədək onun 23 əsəri satılıb.
Məryəm Ələkbərlinin son əsəri Fransada tələbkar kolleksiyaçı kimi tanınan Jerar Depardyenin şəxsi kolleksiyasına daxil olub.
Ötən ay gənc rəssamın "Rosemarie çimərliyi" adlı əsəri Paris yaxınlığındakı Bulon-Bilankur şəhərinin "Beaux-Arts" Cəmiyyətinin payız sərgisində ən yaxşı əl işi elan edilərək mükafata layiq görülüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kann