İDMAN
Məşqçilərimiz Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil alacaqlar
Bakı, 8 mart, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının (ACF) ölkədə cüdonun inkişafı, bu çərçivədə məşqçi heyətinin peşəkarlıq səviyyəsinin artımına nail olmaq istiqamətində həyata keçirdiyi ardıcıl təşəbbüslərindən biri də öz nəticəsini verib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində martın 7-də İJF-nin akademiyasında Azərbaycan məşqçiləri üçün təlimlərə start verilib.
Tədbirdə ölkəmizin bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 45 nəfər iştirak edəcək. Təlimi uğurla başa vuran məşqçilər müvafiq beynəlxalq dərəcəli sertifikatı ilə təltif olunacaqlar.
ACF-nin baş katibi Rəşad Rəsullu peşəkarlığını artıran, davamlı olaraq yeni bilik və bacarıqlara yiyələnən məşqçi heyətinin sağlam və uğurlu idmançı nəslinin yetişdirilməsində mühüm rolu olduğunu bildirib: “ACF rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri məşqçilərimizin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir. İJF Akademiyası ilə birlikdə başladığımız bu proqramda təkcə yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz də iştirak edəcəklər. İnanırıq ki, bu proqram ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxınmüddətli, həm də uzunmüddətli gələcəkdə çox böyük töhfə verəcək".
Qeyd edək ki, təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olmaqla, ümumilikdə 6 ay davam edəcək. Seminarı uğurla başa vuran məşqçilərimiz cüdo məşqlərini planlaşdıran zaman nəzəri komponentləri tətbiq etmək, yarışlara hazırlıq zamanı müxtəlif fəndləri ətraflı izah etmək və nümayiş etdirmək, idmançıların hazırlıq dərəcələrini düzgün dəyərləndirmək və təlimi ona görə uyğunlaşdırmaq, o cümlədən təlim-məşq proseslərini İJF-in təqviminə adaptasiya etmək kimi nəzəri biliklərə sahiblənəcəklər.
Seminarın praktiki hissəsi isə avqust ayında Azərbaycanda İJF akademiyasının ekspertlərinin iştirakı ilə təşkil ediləcək. Praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçiriləcək. Qeyd edək ki, kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı var. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onu da bildirək ki, 2023-cü ildən etibarən İJF-in müvafiq sertifikatına malik olmayan məşqçilərə İJF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcək.
İJF-in akademiyasında Azərbaycan məşqçiləri üçün təlimlərin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, Akademiya ilə əməkdaşlıq çərçivəsində hakimlər üçün də seminarlar və təlimlər təşkil ediləcək.