Mikrobiologiya İnstitutu elmi əlaqələrini genişləndirir
Bakı, 11 mart, AZƏRTAC
Mikrobiologiya İnstitutu ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq, təcrübə mübadiləsi və görüləcək işlərin müzakirəsinə həsr olunan onlayn iclas keçirilib.
Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, iclası Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev açaraq birgə əlaqələrin inkişafı üçün atılan addımı yüksək qiymətləndirib, rəhbərlik etdiyi müəssisənin yaranma tarixi və inkişaf yolundan söz açıb. Bildirib ki, institut son üç ildə innovativ üsulların tətbiqi sayəsində xeyli inkişaf edib. Dörd şöbə və altı laboratoriyadan ibarət institutun Abşeron Heyvandarlıq Stansiyası, Goranboy Arıçılıq Mərkəzi, Şəki Dayaq Məntəqəsi fəaliyyət göstərir və işğaldan azad olunmuş torpaqlarda yeni dayaq məntəqələrinin açılması nəzərdə tutulur. İnstitutda heyvanların embrion dövründən post embrion dövrünədək aparılan genetik tədqiqatları izləmək üçün ən son avadanlıqlar quraşdırılıb. Bundan əlavə, toksinlərin təyini üçün yeni cihazlar əldə olunub. Heyvanların ilboyu yaşıl yemlə təminatı üçün institutda yeni metod tətbiq edilib, yem fabrikləri, eləcə də Rusiyanın üç böyük institutu ilə müqavilələr imzalanıb.
Sonra Mikrobiologiya İnstitutunun direktoru vəzifəsini icra edən Pənah Muradov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi və tədqiqat obyektləri haqqında məlumat verib, tərəflər arasında həyata keçirilə bilən ortaq layihələrdən bəhs edib. O deyib ki, hazırda Mikrobiologiya İnstitutunda heyvandarlıq məhsullarının istehsalı və keyfiyyətli yem hazırlanması üzrə güclü effektiv bioloji əlavələrin yaradılması məqsədilə tədqiqatlar aparılır və maraq kəsb edən nəticələr var. Belə ki, hər iki müəssisə üzüm çöp silosunun hazırlanması və hər il mikroorqanizmlərin bitki və heyvanlarda yaratdığı xəstəliklərin qarşısının alınmasına dair tədqiqatlarda birgə əməkdaşlıq edə bilər.
Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyeva təmsil etdiyi müəssisədə göbələk xəstəliklərinin qarşısını ala biləcək biopreparatların hazırlanmasından danışıb. O, çalışdığı qurumun KTN-nin Meyvəçilik, Çayçılıq və Tərəvəzçilik institutları ilə mövcud əlaqələrindən söz açıb.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aidə Əsgərova, genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi laboratoriyasının müdiri Yasin Gözəlov isə müəssisədə seleksiya və damazlıq üsulları ilə yeni cinslərin yetişdirilməsi prosesindən bəhs edib.
Tədbirin sonunda tərəflər işçi qrupun yaradılması, birgə tədqiqat layihəsinin hazırlanması və əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılığa gəliblər.