Milli Arxiv İdarəsi ilə Finlandiya Milli Arxivi arasında əməkdaşlıq əlaqələri inkişaf edir
Bakı, 29 aprel, AZƏRTAC
Finlandiya Milli Arxiv İdarəsinin Rusiya və post-sovet ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri Dmitriy Frolov Milli Arxiv İdarəsində olub.
İdarədən AZƏRTAC-a bildirilib ki, qonaq Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Tarix Arxivində Finlandiya tarixinə aid sənədlərlə tanış olub, həmçinin arxiv işi sahəsində mütəxəssis mübadiləsi proqramı üzrə fikir və mülahizələrini bildirib. D.Frolovun Milli Arxiv İdarəsinin və Respublika Dövlət Arxivlərinin əməkdaşları üçün “Finnlər Rusiya İmperiyasında - 1809-1917-ci illər” və “Keçmiş SSRİ ölkələrinin arxivlərində saxlanılan Finlandiya tarixinə aid sənədlərin aşkarlanması və rəqəmsallaşdırılması üzrə iş” mövzularında mühazirəsi də dinlənilib.
Qeyd edək ki, ötən ilin oktyabrında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Finlandiya Milli Arxivinin baş direktoru Yussi Nuorteva və Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov imzalayıblar.