Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC, Əziz Məmmədov). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın Şərqşünaslıq İnstitutunun rəhbərləri və əməkdaşları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının, habelə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, erməni vandalları tərəfindən törədilmiş və bəşəriyyətin tarixində ən qanlı qətliamlardan biri sayılan bu soyqırımı aktının ağır nəticələri barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişdir. Şəhər dağıdılmış və talan edilmiş, dinc əhaliyə amansız divan tutulmuş, 613 adam qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 adam girov götürülmüş və işgəncələrə məruz qalmışdır.
G.Baxşəliyeva onu da bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş və hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-da saat 17.00-da bütün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi barədə Fərman imzalamışdır.
Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi və başqaları çıxış edərək bildirmişlər ki, ümummilli lider Heydər Əliyev sayəsində dünya birliyi həmin hadisələrdən xəbərdar olmuşdur. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsi ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə müxtəlif təşviqat kampaniyaları, yığıncaqlar və aksiyalar keçirilir.
Natiqlər Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanınmasında “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinin böyük rol oynadığını vurğulamışlar. Görülən işlər sayəsində İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır.