SİYASƏT
Milli Məclis sədrinin müavini Kvemo Kartli bölgəsinin qubernatoru ilə görüşüb
Tbilisi, 29 aprel, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli bölgəsinin qubernatoru Qiorqi Doxturişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Adil Əliyev Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən gənclər siyasəti barədə ətraflı məlumat verib. Gürcüstanın və Azərbaycanın regionları arasında da əməkdaşlığın yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib. O, birgə idman yarışlarının keçirilməsinin vacibliyini qeyd edib.
Q.Doxturişvili bu yaxınlarda Azərbaycana səfərini xatırladıb, ölkələrimiz arasında əlaqələrin inkişafını yüksək qiymətləndirib. Bildirib ki, azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli bölgəsində idmanın inkişafı üçün hər cür şərait var. O, birgə idman yarışlarının təşkili ilə bağlı təklifi yüksək dəyərləndirib və bu cür tədbirlərə hər cür dəstək verməyə hazır olduqlarını bildirib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi