CƏMİYYƏT
Milli Məclisdə Azərbaycan və Özbəkistan parlamentləri arasında əlaqələrə dair müzakirələr aparılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Azərbaycanın Özbəkistanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib, Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərinin çoxəsrlik tarixə malik olduğunu vurğulayıb.
Eldar İbrahimov ötən il ölkəmizin bütün ərazisində suverenliyini tam təmin etməsindən söz açıb, Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyinə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib. O, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan tərəfindən müasir məktəb binasının inşa olunmasını xalqlarımız arasında möhkəm dostluq əlaqələrinin rəmzi kimi qiymətləndirib.
Akmal Saidov ikitərəfli münasibətlərin dərinləşməsində parlamentlərin rolunu vurğulayıb, beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətindən danışıb. O, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin uğurla inkişaf etdiyini deyib. Azərbaycanın suverenliyini tam təmin etməsinin BMT qətnamələrinə, beynəlxalq hüquqa və tarixi ədalətə uyğun olduğunu bildirib. Ölkələrimiz arasında çoxəsrlik tarixə malik dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyətinə toxunan qonaq bu istiqamətdə qanunverici orqanların fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Sonra Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Paşazadə və Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov çıxış edərək ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına dair fikirlərini səsləndiriblər.