Milli Məclisdə fəal idman federasiyaları və klublarla görüş keçiriləcək
Bakı, 25 yanvar, AZƏRTAC
Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü il yaz sessiyasında fəal idman federasiyaları və klublarla görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məsələ komitənin yaz sessiyasında iş planına daxil edilib.
Komitənin iş planında, həmçinin Təhsil Nazirliyi ilə birgə “Vətənpərvər məktəblilər” və “Yaşatmaq yaşamaq kimi gözəldir” layihələrinin davam etdirilməsi, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş və digər məsələlər daxil edilib.
Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin yanvarın 25-də keçirilən iclasının gündəliyinə 4 məsələ daxildir. Bunlar 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabat, 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi, "Gənclər siyasəti haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin müzakirəsidir.
Müzakirə olunan qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Sənəd bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsini (“kütləvi informasiya vasitələri” sözlərinin “media” sözü, “veriliş” sözünün “proqram” sözü ilə əvəz edilməsi) nəzərdə tutur.