SİYASƏT
MİLLİ MƏCLİSDƏ QƏBUL
Sentyabrın 21-də Milli Məclisin sədri Murtuz Ələsgərov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.
Murtuz Ələsgərov səfiri səmimiyyətlə salamlayaraq, onu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və əmin olduğunu bildirdi ki, Pakistanın yeni səfiri ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.
Milli Məclisin sədri Pakistan və Azərbaycan xalqlarının tarixi dostluğundan söz açaraq dedi ki, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşduqdan sonra Pakistan onun suverenliyini tanıyan ilk ölkələrdən olmuşdur. Azərbaycan-Pakistan münasibətlərinin dinamik inkişafında və möhkəmlənməsində yüksək səviyyədə görüşlər böyük rol oynamışdır. Azərbaycan Prezidenti Heydər Əliyev 1996-cı ildə Pakistana səfər etmiş və bu səfər zamanı dostluq və əməkdaşlıq haqqında müqavilə, habelə digər mühüm sazişlər imzalanmışdır.
Murtuz Ələsgərov parlamentlərarası əlaqələrə toxunaraq, Milli Məclisin nümayəndə heyətinin 1997-ci ildə İslamabada səfərindən, Pakistanın müstəqilliyinin 50 illiyi münasibətilə keçirilən şənliklərdə və İslam Konfransı Təşkilatının konfransında iştirakından ətraflı danışdı. Pakistan paytaxtında keçirilmiş görüşlərdə bu ölkənin rəhbərləri parlamentlərarası əlaqələri möhkəmlətməyin vacibliyini vurğulamışlar.
Parlamentin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla davam etdirildiyini də bildirdi. O xatırlatdı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə qəbul edərkən, bu nüfuzlu beynəlxalq foruma Pakistanın nümayəndəsi sədrlik edirdi. Bundan əlavə, İslam Konfransı Təşkilatında Pakistan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi tələbi irəli sürülən qətnamə qəbul olunması təşəbbüsü ilə dəfələrlə çıxış etmişdir.
Faiz Məhəmməd Xoso səmimi qəbula görə təşəkkür edərək dedi ki, etimadnaməsinin təqdim olunması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev ölkələrimiz arasında münasibətlərin səviyyəsini çox yüksək qiymətləndirmişdir. Pakistan xalqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Səfir vurğuladı ki, onun ölkəsi də separatizm zəminində münaqişə - Kəşmir problemi ilə qarşılaşmışdır. O dedi: BMT Təhlükəsizlik Şurası Kəşmir münaqişəsinin nizama salınmasına dair bir neçə qətnamə qəbul etsə də, əks tərəf onların heç birinə məhəl qoymamışdır.
Qəbulda ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı bir sıra məsələlər də müzakirə edildi.