MİLLİ MƏCLİSDƏ QƏBUL
Milli Məclisin sədri Murtuz Ələsgərov Ümumçin Xalq Nümayəndələri Məclisinin Maliyyə-iqtisadi komitəsinin sədri Çen Quanyi başda olmaqla bu ölkənin parlament nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq, ümidvar olduğunu bildirdi ki, onların səfəri ölkələrimizin parlamentləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəkdir. O dedi ki, Azərbaycan və Çin arasında münasibətlərin qədim tarixi var, xalqlarımız hələ Böyük İpək yolu dövründən ticarət əlaqələri və mədəni əlaqələr saxlayırdılar.
Parlamentin sədri vurğuladı ki, Azərbaycan müstəqilliyə nail olduqdan sonra ölkələrimiz arasında münasibətlər tamamilə yeni keyfiyyət kəsb etmişdir. Azərbaycan Prezidenti Heydər Əliyev ilk xarici səfərlərindən birini 1994-cü ildə Çinə etmiş, ÇXR-in sədri Tszyan Tszemin, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen, ölkənin digər rəhbərləri ilə görüşmüşdür. Dövlətlərimizin başçılarının imzaladıqları sənədlər ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edir.
Murtuz Ələsgərov parlamentlərarası əlaqələrin inkişafı məsələsinə toxunaraq, Milli Məclisin nümayəndə heyətinin 1996-ci ilin dekabrında Çinə ilk səfərindən söz açdı. Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin 2000-ci ildə Bakıya səfəri əməkdaşlığın genişlənməsində böyük rol oynamışdır. Azərbaycan parlamenti üzvlərinin bu ilin aprelində Pekinə səfəri zamanı da qanunvericilik orqanları arasında münasibətlərin inkişafı məsələləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin sədri iki ölkə parlamentləri nümayəndələrinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiklərinə görə, ÇXR xalqına və rəhbərliyinə minnətdarlığını bildirdi. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması haqqında dörd qətnamə qəbul edərkən, bu təşkilatın daimi üzvü kimi Çin ölkəmizin ədalətli mövqeyinə səs vermişdir. Təəssüf ki, ermənilər bu qətnamələrə və mötəbər beynəlxalq təşkilatların digər sənədlərinə indiyədək məhəl qoymur və problemin dincliklə həllinə dair danışıqlar prosesində qeyri-konstruktiv mövqe tuturlar. Murtuz Ələsgərov Çin parlamentinin üzvlərinə bildirdi ki, erməni təcavüzkarları işğal olunmuş ərazilərdə narkotik bitkilər yetişdirməklə məşğuldurlar və bundan əldə edilən vəsaiti terrorçuların dəstəklənməsinə yönəldirlər.
Çen Quanyi səmimi qəbula görə Murtuz Ələsgərova təşəkkür edərək, Çin parlamentinin sədri Li Penin salamını ona yetirdi. Qonaq münasibətlərimizin qədim kökləri olması fikri ilə razılaşaraq, vurğuladı ki, indi ölkələrimiz arasında əlaqələr daha yüksək səviyyədədir. Ölkələrimizin rəhbərləri tərəfindən 31 sənədin imzalanması buna sübutdur. Çen Quanyi axırda dedi: “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Qəbulda Milli Məclis sədrinin müavini Gövhər Baxşəliyeva, Çinin Azərbaycandakı səfiri Çjan Siyun iştirak edirdilər.