MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYALARI 2007-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLAMIŞLAR
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir ki, ölkənin dinamik iqtisadi inkişafı sosial həyatın bütün sahələrində özünü göstərir. Son illər ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi bir neçə dəfə artmışdır. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirməsinin nəticəsidir. Dövlətimizin başçısı regionlara səfərləri zamanı, eləcə də Milli Məclisin payız sessiyasının ilk iclasında demişdir ki, indi Azərbaycanın maliyyə imkanları artır. Bu imkanlar hesabına həm problemlərimizi həll etməliyik, digər tərəfdən də şəffaflıq təmin olunmalıdır ki, prinsipial, davamlı inkişafa nail olaq. Biz də Milli Məclis olaraq öz tərəfimizdən əlimizdən gələni etməliyik ki, qarşıya qoyulan məqsədə çataq.
Sonra maliyyə naziri Samir Şərifov ilin əsas maliyyə sənədi barədə məlumat vermişdir. O demişdir ki, 2007-ci ilin dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Gələn ilin maliyyə sənədi ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf perspektivlərinə və konsepsiyasına uyğun olaraq, son illər əldə edilmiş iqtisadi nailiyyətlərə söykənən və Prezident İlham Əliyevin ölkəmizin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən siyasi və iqtisadi kursunun həyata keçirilməsinin təmin olunması əsasında hazırlanmışdır. 2007-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinin hüquqi bazasının yaradılmasında mühüm əhəmiyyət kəsb edən 13 qanunvericilik aktına, o cümlədən Vergi Məcəlləsinə, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında” qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir.
Azərbaycan Prezidentinin son üç ildə həyata keçirdiyi iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyası ölkə iqtisadiyyatının yüksələn xətlə artımını təmin etmişdir. Belə ki, 2004-cü ildə ümumi daxili məhsulun artım tempi 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, cari ilin 9 ayında isə 34 faiz təşkil etmişdir. Ümumiyyətlə son üç ildə ÜDM-in real artım tempi 1,8 dəfə (7,1-18,1 milyard manat), dövlət büdcəsinin xərcləri 3,3 dəfə (1235,0-4025,0 milyon manat) artmış, ölkədə 470 mindən çox yeni iş yeri açılmışdır.
Maliyyə naziri onu da bildirmişdir ki, 2006-cı ilin 9 ayında ÜDM-in həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz, əhalinin pul gəlirləri 19,8 faiz, orta aylıq əmək haqqı 19,9 faiz, əhalinin banklardakı əmanətləri 47,9 faiz artmışdır.
Dövlət büdcəsinin gəlirləri 100,7 faiz, xərcləri 86,2 faiz icra olunmuşdur. Dövlət büdcəsinin investisiya xərclərinin əhəmiyyətli dərəcədə artımına nail olunmuş, bu məqsədlə 2005-ci ilin 9 ayına nisbətən 6 dəfə çox və ya 628,1 milyon manat vəsait sərf olunmuşdur. Cari ilin makroiqtisadi durumu inflyasiya təzyiqlərinin artması, habelə manatın məzənnəsinin möhkəmlənməsi meyillərinin güclənməsi ilə də səciyyələnə bilər. Bunları nəzərə alaraq növbəti ildə də ölkə iqtisadiyyatı qarşısında duracaq vəzifələrlə yanaşı, dövlət və icmal büdcələrinin gəlir və xərclərinin formalaşması zamanı inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması diqqət mərkəzində olmuşdur. Təqdim olunan layihədə 2007-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 24 faizi həcmində və ya 2006-cı ilin proqnozuna nisbətən 1,9 faiz çox, xərcləri isə ÜDM-in 25,7 faizi və ya 2006-cı ilin proqnozundan 2,5 dəfə çox nəzərdə tutulmuşdur. Mütləq ifadədə dövlət büdcəsinin gəlirləri 5 milyard 336 milyon manat, xərcləri isə 5 milyard 715 milyon manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin tərtibi zamanı dövlət investisiya xərcləri 47,8 faiz, səhiyyə xərcləri 47,5 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 58,8 faiz, təhsil xərcləri 47,2 faiz, sosial müdafiə xərcləri 37,7 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 27,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 53,8 faiz artımla proqnozlaşdırılmışdır.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 379,0 milyon manat və ya ÜDM-in 1,7 faizi həcmində vəsait nəzərdə tutulmuşdur.
2007-ci il icmal büdcəsinin gəlirləri 7 milyard 402 milyon manat olmaqla 2006-cı ilə nisbətən 52,7 faiz, xərcləri 7 milyard 196,0 milyon manat olmaqla 38,3 faiz çox nəzərdə tutulmuşdur. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 161,8 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2006-cı ilə nisbətən 54, 3 faiz çoxdur. Xərclərin 89,2 faizi dövlət büdcəsindən ayrılan dotasiya hesabına təmin ediləcəkdir.
İcmal büdcəsi 207,0 milyon manat profisitlə proqnozlaşsa da, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 1 milyard 349 milyon manat və ya nəzərdə tutulan ÜDM-in 6,1 faizi həcmində olacaqdır.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 920,2 milyon manat və ya 2006-cı ilə nisbətən 56,1 faiz çox proqnozlaşdırılır. Fondun xərclərinin 56,5 faizi və ya 520,2 milyon manatı dövlət büdcəsi hesabına, 400,0 milyon manatı və ya 43,5 faizi isə fondun öz gəlirləri hesabına örtüləcəkdir.
Sonra iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, vergilər nazirinin müavini Natiq Əmirov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov gələn ilin əsas maliyyə sənədi ilə bağlı proqnozlara dair məlumat vermişlər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin sədr müavini Valeh Ələsgərov layihə ilə bağlı tövsiyələrini vermişlər.
Daimi komissiyaların sədrlərinin, deputatların və dəvət olunmuş şəxslərin rəy və təklifləri dinlənildikdən sonra layihə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə göndərilmişdir.