MİLLİ MƏCLİSİN DAİMİ KOMİSSİYASI PAYIZ SESSİYASINDA İLK İCLASINI KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Milli Məclisin Regional məsələlər daimi komissiyası payız sessiyasında ilk iclasını keçirmişdir.
Komissiyanın sədri Arif Rəhimzadə gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra Milli Məclisin yaz sessiyası dövründə komissiyada görülən işlər barədə hesabat dinlənilmişdir. Sonra komissiyanın 2008-ci ilin payız sessiyası üçün iş planının layihəsinə baxılmışdır. Bildirilmişdir ki, bu sessiyada bir sıra qanun layihələri, o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnaməyə dəyişiklik edilməsi barədə”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na bəzi əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihələri hazırlanıb müzakirəyə çıxarılacaq, ölkənin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsinə dair qanun layihələrinə baxılacaqdır. Sessiya müddətində vətəndaşların qəbulu, komissiyaya daxil olan ərizə və şikayətlərlə işin təşkili də diqqət mərkəzində olacaqdır. Komissiya üzvləri Milli Məclisin 2009-cu ilin yaz sessiyasının müzakirəsinə təqdim etmək üçün bələdiyyələrə və yerli vergilərə dair bəzi qanun layihələrinin hazırlanmasında da yaxından iştirak edəcəklər. Deputatlar komissiyanın iş planını məqbul saymışlar.
İclasda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə” məsələyə də müsbət münasibət bildirilmiş, qanun layihələri Milli Məclisin geniş iclasının müzakirəsinə tövsiyə olunmuşdur.