SİYASƏT
Milli Məclisin deputatı ATƏT-in İqtisadiyyat və Ətraf mühit forumunun hazırlıq görüşündə iştirak edəcəkdir
Bakı, 21 aprel (AZƏRTAC). Milli Məclisin deputatı Bəxtiyar Əliyev ATƏT-in XX İqtisadiyyat və Ətraf Mühit Forumunun ikinci hazırlıq görüşündə iştirak etmək üçün aprelin 22-dən 24-dək İrlandiyada səfərdə olacaqdır.
AZƏRTAC xəbər verir ki, Dublin şəhərində baş tutacaq toplantı “Yaxşı idarəçilik təcrübələrinin dəstəklənməsi və sosial-iqtisadi inkişaf naminə korrupsiyaya qarşı mübarizə” mövzusuna həsr edilmişdir. Görüşün əsas məqsədi bu sahədə ehtiyac və prioritetləri müəyyən etmək, quruma üzv olan ölkələrdə maarifləndirməni və siyasi iradəni gücləndirmək, yaxşı təcrübələrin dəstəklənməsində təşkilatın siyasi rolunun artırılmasından ibarətdir. Burada iştirakçılar korrupsiya ilə mübarizədə ATƏT-in öhdəliklərinin icrasını bir daha nəzərdən keçirəcəklər.
B. Əliyev müzakirə edilən məsələlərə münasibətini bildirəcəkdir.