Milli Məclisin deputatı İstanbulda “İlin ən yaxşıları media ödülü” mükafatına layiq görülmüşdür
Bakı, 14 may (AZƏRTAC). Milli Məclisin deputatı Qənirə Paşayeva İstanbulda Avropa Qəzetçilər Dərnəyi (AQD) tərəfindən siyasət sahəsində “İlin ən yaxşıları media ödülü” mükafatına layiq görülmüşdür.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq öz sahəsində böyük uğurlar əldə etmiş şəxslərə təqdim olunan “İlin ən yaxşıları media ödülü” mükafatına layiq görülənlər arasında Türkiyə Baş nazirinin müavini, parlamentin üzvü Abdulkadir Aksu, deputatlar Zeynəb Dağı, Xalidə İncəkara, Edibe Sözen, Brüssel bölgə parlamentinin üzvü Mahinur Özdemir də vardır.
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, qardaş ölkədə bu mükafata layiq görülməsindən duyduğu məmnunluğu ifadə etmiş, dərnəyə təşəkkürünü bildirmişdir.
Deputat AQD-nin rəhbəri Adnan Fişənkə xatirə hədiyyəsi olaraq qələm, qılınc, Azərbaycan həqiqətlərinə dair özünün və digər azərbaycanlı müəlliflərin kitablarını və sənədli filmlərin disklərini təqdim etmişdir. Q.Paşayevanın təqdim etdiyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş təqvim isə mərasim iştirakçılarında böyük maraq doğurmuşdur.
Azərbaycana dəstək verən və daim onun yanında olan hər kəsə minnətdarlığını bildirən deputatın çıxışı alqışlarla qarşılanmışdır.
Tədbirdə təltif olunan bəzi KİV təmsilçilərinə mükafatları Q.Paşayeva təqdim etmişdir. Deputatın mükafat təqdim etdiyi KİV təmsilçiləri Azərbaycanı sevdiklərini və ölkəmizin sürətli inkişafına şad olduqlarını vurğulamışlar.