MİLLİ MƏCLİSİN DEPUTATLARI LOS-ANCELES ŞƏHƏR ŞURASINDA OLMUŞLAR
ABŞ-ın Kaliforniya ştatında səfərdə olan Milli Məclisin nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva, Gülər Əhmədova, Asim Mollazadə və Fuad Muradov Los-Anceles Şəhər şurasında olmuşlar.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, Şəhər şurasının prezidenti Erik Qarsetti və vitse-prezident Vendi Qrul ilə görüş zamanı onlara Azərbaycan haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan tolerantlıq, gender bərabərliyi və qadınların hüquqlarının müdafiəsi prinsiplərinə hörmət edən ölkədir.
Şuranın vitse-prezidenti xanım Vendi Qrul Azərbaycan deputatlarının Kaliforniyaya səfərini yüksək qiymətləndirmişdir. Nümayəndə heyətinə sertifikatlar təqdim edilmişdir.
Deputatlarımız yerli televiziya kanallarına müsahibə vermişlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin şərəfinə Amerika-İsrail İctimai Məsələlər Komitəsi (AİPAC) adından nahar verilmişdir. İsrailin Los-Ancelesdəki baş konsulu Yakov Dayanın da iştirak etdiyi naharda Azərbaycan-İsrail münasibətlərindən söhbət getmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin iyununda Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfransda iştirak etmiş Los-Ancelesdəki yəhudi mərkəzlərindən birinin direktoru Morqan Hakimi Azərbaycanın birinci xanımının tolerantlığın inkişafı, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi sahəsində böyük işlər gördüyünü vurğulamışdır. Azərbaycan nümayəndə heyəti Los-Ancelesin məşhur muzeylərindən biri olan Simon Vizental Mərkəzində mətbuat konfransı keçirmişdir. Los-Anceles Tolerantlıq muzeyinin rəhbəri ravin Abraham Kuper ötən ay Azərbaycana səfərindən söz açmış, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və digər dini icmaların rəhbərləri ilə görüşdüyünü bildirmişdir.
Nümayəndə heyətinin adından çıxış edən Asim Mollazadə səfərin məqsədi barədə məlumat vermişdir.
Deputatlarımız Azərbaycan icmasının üzvləri ilə də görüşmüşlər. Söhbət zamanı diasporumuzun fəaliyyəti ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılmışdır.