MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT DAİMİ KOMİSSİYASINDA DÜNYA BANKININ EKSPERTİ İLƏ GÖRÜŞ
Ziyad Səmədzadə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, əldə olunmuş uğurlar və mövcud problemlər barədə qonağa ətraflı məlumat vermişdir. O demişdir ki, neft strategiyasının uğurla həyata keçirilməsi, gəlirlərin artması iqtisadiyyatın digər sahələrinin də inkişafına şərait yaratmışdır. Xarici şirkətlər, əcnəbi iş adamları ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə inamla sərmayə qoyurlar. Sərmayələrin qorunması üçün mükəmməl qanunvericilik bazası vardır.
Kristos Kostopoulos indiyədək bir neçə dəfə Azərbaycana gəldiyini və hər dəfə sürətli inkişafın şahidi olduğunu bildirmişdir. Qonaq qeyd etmişdir ki, iqtisadi tərəqqi, əldə olunmuş uğurlar təqdirəlayiqdir. Dünya Bankı Azərbaycanda həyata keçirilən islahatları diqqətlə izləyir.
Sonra Dünya Bankının eksperti dövlət büdcəsinin təşkili, gəlir və xərc sisteminin təhlili ilə bağlı maraq doğuran bir sıra məqamlarla maraqlanmışdır.
Ziyad Səmədzadə Azərbaycanın dövlət büdcəsinin təşkili, sistemli təhlili, bu işdə hökumətlə Milli Məclis, eləcə də Hesablama Palatasının qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat vermiş, qonağı maraqlandıran sualları cavablandırmışdır.