MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Milli Məclisin martın 4-də keçirilən iclasında “Feldyeger rabitəsi haqqında” Qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul olunmuşdur. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Əli Hüseynov bildirmişdir ki, bu qanun Azərbaycan Respublikası dövlət orqanlarının xüsusilə mühüm, tam məxfi, məxfi və digər xidməti göndərişlərinin müvafiq ünvanlara çatdırılmasını təmin edən xüsusi rabitə növü kimi feldyeger rabitəsinin vəzifələrini, onun təşkili və fəaliyyətinin hüquqi əsaslarını, feldyeger rabitəsini həyata keçirən dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir.
Layihə birinci oxunuşda müzakirə olunarkən Qanunun adı, əhatə dairəsi, feldyegerin vəzifələri və digər sahələrlə bağlı müxtəlif rəy və təkliflər səslənmişdi. Birinci oxunuşda 15 maddədən ibarət olan layihədəki 2 maddə sonradan digərləri ilə birləşdirilib. Qanun hazırlanarkən təkcə Nazirlər Kabinetinin sərəncamlarına, qonşu dövlətlərin qanunvericilik bazalarına deyil, 1961 -ci li Venesiya Konvensiyasının feldyeger və diplomatik kuryerlə bağlı bölməsinə də istinad edilib.
Deputatlar layihəni geniş müzakirə etdilər. Müzakirələr zamanı feldyegerin statusu, geyim forması, tabel silahına malik olması, Rabitə və Daxili İşlər nazirliklərinin tabeliyində deyil, müstəqil dövlət qurumu kimi yaradılması məqsədəuyğun hesab olundu. Verilən təkliflərin nəzərə alınacağı bildirildi. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olundu.
Müzakirələr zamanı digər məsələlərə də aydınlıq gətirildi. Deputat İbrahim İsayev Milli Məclisin üzvləri adından İlham Əliyevi AŞPA-nın sədr müavini və Büro üzvü seçilməsi münasibətilə təbrik etdi. O dedi ki, Azərbaycan xalqının gələcəyi Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi xəttinin layiqli davamçısı və bizi beynəlxalq qurumlarda ləyaqətlə təmsil edən İlham Əliyevlə bağlıdır.
Deputatlar Musa Musayev, Siyavuş Novruzov və başqaları bəzi mətbu orqanlarında Prezident Heydər Əliyevin səhhəti ilə bağlı həqiqətə uyğun olmayan və qərəzli məlumatlar yaymalarından narahat olduqlarını bildirdilər.
Milli Məclisin sədri Murtuz Ələsgərov məsələyə münasibət bildirərək dedi ki, Prezident Heydər Əliyev onunla telefonla danışıb, səhhəti çox yaxşıdır. Xırda cərrayyə əməliyyatı olub və bu heç də ciddi və qorxulu deyildir. Bütün Azərbaycan xalqının səbirsizliklə Prezidentimizin Vətənə qayıtmasını gözlədiyi bir vaxtda, bəzi mətbuat orqanlarının yalan və qərəzli məlumatları yalnız ikrah hissi doğurur.
Deputatlar axşam iclasında “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başladılar. Əqli mülkiyyətin xüsusi növü kimi Azərbaycan folklor nümunələrinin hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyən bu Qanun müzakirələrin sonunda qəbul olundu.