MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ İRPEN ŞƏHƏRİNDƏ OLMUŞDUR
Sonra M.Ələsgərov və nümayəndə heyətinin üzvləri Kiyev vilayətinin İrpen şəhərində olmuşlar. Keçmiş İttifaq əhəmiyyətli bu kurort şəhərində Milli Məclisin nümayəndə heyəti Azərbaycanın şanlı qızı, görkəmli oftalmoloq alim, akademik Zərifə Əziz qızı Əliyevanın adını daşıyan parka gələrək onun abidəsi önünə tər gül-çiçək dəstəsi qoymuşdur. M.Ələsgərov və nümayəndə heyətimizin üzvləri Zərifə xanımın nurlu xatirəsini dərin ehtiramla yad etmiş, parkda ağac əkmişlər.
Bu şəhər parkının gözəlliyinə və bənzərsizliyinə heyran qalan Azərbaycan parlamentinin deputatı Vladimir Timoşenko demişdir: “Burada, sözün əsl mənasında, möcüzə yaradılmışdır!”.
Sonra nümayəndə heyəti akademik Zərifə Əliyevanın adını daşıyan küçəyə gəzintiyə çıxaraq, dahi Ukrayna şairi, azadlıq və müstəqillik tərənnümçüsü Taras Şevçenkonun meriya qarşısındakı abidəsi önünə gül-çiçək dəstəsi qoymuşlar. Məlum olduğu kimi, bu abidə İrpendə azərbaycanlı iş adamlarının vəsaiti hesabına 2000-ci ilin martında ucaldılmışdır və ölkənin milli azlıqlarının nümayəndələrinin qoyduqları ilk heykəldir.
Daha sonra İrpen Şəhər Radasında M.Ələsgərovun və deputatlarımızın şəhər rəhbərliyi ilə səmimi görüşü olmuşdur. Tərəflər bir-birinə xatirə hədiyyələri təqdim etmiş və belə bir yekdil fikir söyləmişlər ki, İrpenlə Bakının Qaradağ rayonu arasında qardaşlıq əlaqələrini bundan sonra da möhkəmləndirəcəklər.
Elə həmin gün Azərbaycanın parlament nümayəndə heyəti Piroqovo kəndindəki məişət və milli arxitektura muzeyi – açıq səma altında muzey ilə tanış olmuşlar.
Səfər Böyük Vətən müharibəsi muzeyinə ziyarətlə başa çatmışdır. Burada Milli Məclisin sədri Murtuz Ələsgərov fəxri qonaqlar kitabına ürək sözünü yazmışdır.
Milli Məclisin nümayəndə heyətinin Ukraynaya səfəri davam edir.