MİLLİ MƏCLİSİN SƏDRİ BÖYÜK BRİTANİYANIN ÖLKƏMİZDƏKİ YENİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, qonağı yeni təyinatı münasibətilə təbrik edən Murtuz Ələsgərov, ölkələrimiz arasındakı əlaqələrin inkişafından danışmış, parlamentlərarası münasibətlərin dinamik xarakter aldığını qeyd etmişdir. Milli Məclisin sədri demişdir ki, əlaqələrimizn inkişafında Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin xüsusi rolu olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, başvermə səbəbləri, problemin həlli liə bağlı Azərbaycanın ədalətli mövqeyi barədə qonağa ətraflı məlumat verən sədr demişdir ki, bəzi Qərb dövlətlərinin məsələyə ikili standartlardan yanaşması təəssüf doğurur. Beynəlxalq antiterror koalisiyasında fəal iştirak edən Azərbaycan özü son 10 ildə ermənilər tərəfindən 32 dəfə terrora məruz qalmışdır. Sivil dünya isə bu məsələyə obyektiv və prinsipial mövqeyini bildirməmişdir.
Milli Məclisin sədri demişdir ki, rəsmi Bakının təşəbbüsü ilə regionda bir sıra layihələr həyata keçirilir. Ermənistanın öz təcavüzkar mövqeyində qalması isə bəzi beynəlxalq layihələrin gerçəkləşməsində ciddi maneələr yaradır.
Murtuz Ələsgərov ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında, Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində, problemin həlli yolunun tapılmasında səfirin yardımçı olacağını ümid etdiyini bildirdi.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlığını bildirən Lorens Bristoun Azərbaycanın problemlərinə həssaslıqla yanaşacağını bildirmişdir.
Səfir, neft gəlirlərinin şəffaflığı üzrə beynəlxalq layihənin ölkəmizdə uğurlu tətbiqinə köməyini əsirgəməyəcəyini, ikitərəfli əllaqələrin daha da inkişafına, işgüzar əməli səviyyəyə çatdırılmasına çalışacağını qeyd etmişdir.