MİLLİ MƏCLİSİN SƏDRİ İRAQIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Parlamentin sədri Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatın müxtəlif sahələrində qazanılan nailiyyətlərdən, yenidənqurma işlərindən ətraflı danışmışdır. Hələ sovetlər dövründə Azərbaycanda İraq konsulluğunun fəaliyyət göstərdiyini bildirən O.Əsədov, bu ölkə ilə diplomatik münasibətlərimizin qədim tarixi olduğunu vurğulamışdır. Milli Məclisin sədri demişdir ki, İraqda son illər baş verən hadisələr torpaqlarının 20 faizi işğal altında olan, müharibənin ağrı-acılarını görmüş Azərbaycan xalqını da narahat edir. Respublikamız bu ölkədə yenicə formalaşdırılmağa başlanan müxtəlif dövlət qurumları, o cümlədən İraq parlamenti ilə çoxsahəli əlaqələrin qurulmasında maraqlıdır.
İraqın səfiri Ərşad Ömər İsmayıl ölkəsində sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün yeni qurulan dövlət qurumlarının gördüyü işlərdən danışmışdır. Səfir demişdir ki, İraqda insan hüquqlarının müdafiəsi, dövlətçiliyin inkişafı, konfessiyalar və millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətində hələ çox iş görülməlidir və bu sahədə qanunverici orqan kimi parlamentin üzərinə böyük vəzifələr düşür. Ə.Ö.İsmayıl olkələrimizin parlamentləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırmışdır.