MİLLİ MƏCLİSİN ÜZVLƏRİ BMT-DƏKİ DİNLƏMƏLƏRDƏ İŞTİRAK ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, «Parlamentlərarası birliyin» prezidenti, senator Sergio Payezin sədrlik etdiyi dinləmələrdə BMT-nin yüksək səviyyəli rəsmiləri, tanınmış tədqiqat institutlarının və Nyu-Yorkdakı diplomatik korpusun nümayəndələri 60 dövlətin parlament üzvləri ilə birgə tərksilah, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olması və münaqişələrdən sonra bərpa məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
Dinləmələrdə Azərbaycan nümayəndə heyəti adından çıxış edən Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayıraraq xatırlatmışdır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədən Cənubi Qafqaz bölgəsində möhkəm sülhdən danışmaq olmaz. O, dünya ictimaiyyətinin diqqətinin ciddi şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlməli olduğunu vurğulamışdır. Ziyafət Əsgərov Ermənistanda fəaliyyət göstərən sovet tipli köhnə atom elektrik stansiyasının Qafqaz bölgəsinə törətdiyi təhlükədən də danışmış və demişdir ki, stansiyanın fəaliyyəti nəticəsində əmələ gələn radioaktiv tullatınları Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında basdırılır. Azərbaycan nümayəndə heyəti başçısının çıxışının mətni işğal olunmuş torpaqlarımızın təsvir edildiyi xəritələrlə birlikdə dinləmələrdə iştirak edən dövlətlərin təmsilçilərinə paylanmışdır.
Azərbaycan nümayəndələri - Ziyafət Əsgərov, Nizami Xudiyev, Yaqub Mahmudov, Vüqar Rəhimzadə, Elman Məmmədov, Rauf Qurbanov, Nyu-Yorkda Türkiyə, Rusiya və digər ölkələrin parlament üzvləri ilə görüşmüş, qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçirmişlər.