MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI
Martın 1-də Milli Məclisin 2003-cü il yaz sessiyası öz işinə başlamışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra parlamentin sədri Murtuz Ələsgərov sessiyanı açıq elan etmişdir. Deputatları yaz sessiyasının başlanması münasibəti ilə təbrik edən sədr payız sessiyasında görülən işlər və yaz sessiyasının iş planı barədə məlumat vermişdir. Parlamentin payız sessiyasında 2 Konstitusiya qanunu və 13 qanun qəbul, 28 qanuna dəyişikliklər və əlavələr edilmiş, 5 qanunla beynəlxlaq konvensiyalar və müqavilələr təsdiq olunmuşdur.
Sessiyalararası dövrdə Milli Məclis beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsində də mühüm işlər görmüş, parlamentin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak etmişlər.
Avropa Şurası Parlament Assambleyasının bu ilki qış sessiyası respublikamız üçün çox uğurlu olmuşdur. Təşkilatın yanvarın 27-də keçirilmiş iclasında nümayəndə heyətimizin rəhbəri İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü seçilmişdir. İlham Əliyev belə nüfuzlu beynəlxalq təşkilatda yüksək vəzifəyə seçilən ilk azərbaycanlı siyasətçidir. Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi və davamçısı olan İlham Əliyevin bu gün AŞ PA-da yüksək zirvəni fəth etməsi hər birimizi ürəkdən sevindirir.
Bu il fevralın 26-da bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 11-ci il dönümü tamam olmuşdur. Bu hüzünlü günlərdə Azərbaycan xalqı erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız soydaşlarımızın əziz xatirəsini ehtiramla yad etmişdir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Bakı şəhərində izdihamlı mitinq keçirilmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Vətən harayı” abidəsinin önündə anma mərasimi və digər tədbirlər təşkil edilmişdir. Xocalı soyqırımının il dönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycan xalqına müraciət etmişdir. Müraciətdə dəhşətli soyqırım aktı bəşər tarixində ən amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli Məclisin sədri yaz sessiyasının iş planı barədə məlumat vermişdir. Milli Məclis yaz sessiyasında Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəyi qanunlarla yanaşı, bir sıra vacib qanunları, o cümlədən Azərbaycanda ilk dəfə Prezident, parlament və bələdiyyə seçkilərinin mexanizmi əks olunan yeni Seçki Məcəlləsini müzakirə edərək qəbul edəcəkdir.
Sonra deputatlar 2003-cü ilin yaz sessiyasının qanunvericilik işləri planını müzakirə edərək təsdiq etmişlər. Milli Məclisin intizam və hesablayıcı komissiyalarının tərkibi yenidən təşkil edildikdən sonra beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Azərbaycan Respublikasının İtaliya Respublikasında (Roma şəhərində) səfirliyinin təsis edilməsi barədə məlumat vermişdir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr əvəzi Əli Hüseynov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiyanın, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının və ona Əlavə Protokolun təsdiq edilməsi, “İnzibati Xətalar Məcəlləsi”nə əlavə edilməsi haqqında” Qanun layihəsi, regional məsələlər daimi komissiyasının sədri Zahid Qaralov “Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” layihəni müzakirəyə təqdim etmişlər. Deputatlar təqdim olunmuş bütün məsələlərə müsbət münasibət bildirmişlər.