HEYDƏR ƏLİYEV - 1
“Milli-mənəvi dəyərlərimizin hamisi” kitabı nəşr edilib
![“Milli-mənəvi dəyərlərimizin hamisi” kitabı nəşr edilib](/files/2023/2/1200x630/16838370865161740370_1200x630.jpg)
Bakı, 12 may, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Milli-mənəvi dəyərlərimizin hamisi” adlı kitab nəşr edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, kitabda Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyinin, həmçinin əməkdaşlarının məqalələri yer alıb.
Məqalələrdə müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi missiyanı üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi işlər geniş şəkildə şərh edilir. Eyni zamanda, müasir Azərbaycanın memarı Ulu Öndərin dövlət-din münasibətlərinin təşəkkülündə və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs olunur.
Kitabda multikulturalizmin Azərbaycan modeli, müasir ölkəmizdə tolerantlıq ənənəsinin inkişafı, milli-mənəvi dəyərlərimizə qayıdış, azərbaycançılığın dövlət ideologiyası səviyyəsində təsbit olunması kimi vacib məqamlara da toxunulub.
Qeyd olunub ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşr dünya şöhrətli tarixi şəxsiyyətin siyasi irsinin öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynayacaq. Habelə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislərə, eləcə də siyasi şərhçilərə, gənc tədqiqatçılara faydalı olacaq.