Milli Qurtuluş Günü dövlətçiliyimizin müasir tarixinin ən parlaq səhifələrindən biridir
Naxçıvan, 4 iyun (AZƏRTAC, Rauf Əliyev). İyunun 4-də Babək rayonunun Nehrəm kəndində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon ziyalıları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, həmçinin kənd sakinləri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, “Kənd mərkəzi”nin iclas zalında keçirilən tədbirdə çıxış edən Babək rayon icra hakimiyyəti başçısının müavini Abbas Əliyev dövlətçiliyimizin müasir tarixinin ən parlaq səhifələrindən biri olan Qurtuluş Gününün mahiyyətindən ətraflı söhbət açmışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan bu gün respublikamızın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarixdir. Hər birimiz üçün unudulmaz və müqəddəs olan bu tarixi gün müasir Azərbaycanın milli müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Daxili çəkişmələr, iqtisadi böhran içərisində çırpınan, dərin sarsıntılar keçirən Azərbaycanın xilas yolunu müəyyənləşdirən ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsindən sonra respublikada siyasi sabitlik təmin olunmuş, ölkə hərtərəfli tərəqqi yoluna qədəm qoymuşdur.
Yeni Azərbaycan Partiyası Nehrəm kənd ərazi ilk təşkilatının sədri Tofiq Abutalıbov vurğulamışdır ki, müəyyən daxili və xarici qüvvələr Azərbaycan dövlətçiliyini məhv etməyə, ölkəni parçalamağa, vətəndaş qarşıdurması yaratmağa aramsız cəhdlər göstərsələr də, ümummilli lider Heydər Əliyev xalqa arxalanaraq onların bu mənfur planlarını puça çıxarmışdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr yenicə müstəqillik qazanmış ölkənin inkişafına və möhkəmlənməsinə zəmin yaratmışdır. Ötən müddətdə Heydər Əliyevin anadan olduğu və çox sevdiyi doğma Naxçıvanda da bütün sahələrdə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün muxtar respublikada Ulu Öndərin siyasi xətti uğurla davam etdirilir, ideyaları yaşadılır, qədim diyarla bağlı arzuları inamla həyata keçirilir.
Nehrəm kənd sahə xəstəxanasının baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Niftəliyev diqqətə çatdırmışdır ki, Azərbaycan qazandığı müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı xəritədən silinmək təhlükəsindən qurtarmışdır.
Nehrəm kənd mədəniyyət evinin müdiri İsmayıl Qurbanov demişdir ki, Ulu Öndərin nurlu yolunun uğurla davam etdirilməsi nəticəsində əhalinin rifah halı yaxşılaşmış, Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olmaqla yanaşı, regionun qüdrətli dövlətinə çevrilmişdir.