MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
İyunun 13-də Yeni Azərbaycan Partiyası 15 iyun - Milli Qurtuluş gününə həsr edilmiş təntənəli toplantı keçirmişdir.
Şəhriyar adına mədəniyyət mərkəzində keçirilən toplantıda YAP-ın şəhər və rayon təşkilatlarının fəalları, ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları iştirak edirdilər.
Toplantını Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov giriş sözü ilə açdı.
YAP-ın idarə heyətinin üzvü, Milli Məclisin deputatı, professor Nizami Xudiyev əlamətdar hadisə münasibətilə məruzə etdi.
YAP siyasi şurasının üzvü akademik Məmmədtağı Cəfərov, Milli Məclisin deputatı Vəsadət Əzizov, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Sevinc Təbrizli, YAP siyasi şurasının üzvü Asif İmaməliyev, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Siyasi Partiyaların Məşvərət Məclisinin sədri Məmməd Əlizadə toplantıda çıxış etdilər.
Məruzə və çıxışlarda bildirildi ki, 15 iyun - Milli Qurtuluş günü Azərbaycanın müasir tarixində dönüş mərhələsinin əsasını qoymuşdur. Bütün xalqımız üçün, ilk növbədə, Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərindən ötrü bu gün olduqca əzizdir.
1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə cənab Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycanın ağır böhran keçirdiyi dövr başa çatdı. Ölkəmizdə hərc-mərcliyin, özbaşınalığın qarşısı alındı, respublikamız sabitlik, əmin-amanlıq, dinclik dövrünə qədəm qoydu. Vətəndaşlarımızın təhlükəsizliyinə möhkəm təminat yarandı. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı.
Qurtuluş sayəsində Azərbaycan ilbəli inkişaf edərək dünyada demokratik dövlət kimi tanındı. Dinamik inkişaf yoluna qədəm qoyan ölkəmiz bu gün dünya dövlətləri arasında özünə layiqli yer tutur.
Natiqlər onu da vurğuladılar ki, bütün bu nailiyyətlər - ölkəmizdə milli birliyin, həmrəyliyin yaranması, respublikamızın iqtisadi dirçəlişinin təmin olunması, əhalinin güzəranının getdikcə yaxşılaşması 1993-cü ilin iyununda Siyasi hakimiyyətə qayıdan və həmin günü Azərbaycan tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk edən möhtərəm Prezidentimiz, xalqımızın şəriksiz lideri Heydər Əliyevin adı ilə bağlıdır.
X X X
Sonra Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti Heydər Əliyevə təbrik məktubu qəbul edildi.
X X X
Toplantıda Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin icra aparatının rəhbəri Ramiz Mehdiyev, Milli Məclis sədrinin və baş nazirin müavinləri, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər iştirak edirdilər.
X X X
Toplantıdan sonra incəsənət ustalarının iştirakı ilə bayram konserti oldu.
Foto Namiq Məmmədovundur