MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
TERRORÇU DƏSTƏ İFŞA EDİLDİ
Din pərdəsi altında fəaliyyət göstərən “Hizbut-Təhrir” dini-ekstremist təşkilatının Bakı özəyi Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq terrorizmə və digər transmilli cinayətlərə qarşı mübarizə istiqamətində keçirdiyi tədbirlər nəticəsində aşkarlanaraq ifşa edilmiş, qurumun fəallarından Azərbaycan vətəndaşları Elçin Əhməd oğlu Məmmədov, Samir Afis oğlu Hüseynov, Yaşar Ənvər oğlu Məmmədov, Firudin Polad oğlu Nəbiyev, Elbrus Fərrux oğlu Allahverdiyev və Ukrayna vətəndaşı Yunus Xucabadinoviç Vəliyev yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunmuşlar.
Cinayətkar dəstənin başçısı - Özbəkistan vəntəndaşı, “Əbdullah” ləqəbli Abdurəsul Abdukərimoviç Abdurəhimov istintaqdan yayındığı üçün barəsində həbsli axtarış elan olunmuşdur.
Əməliyyat-istintaq araşdırmaları nəticəsində müəyyənləşdirilmişdir ki, 1953-cü ildə Fələstində yaradılan, terroru özünə əsas fəaliyyət metodu seçərək Yaxın və Orta Şərq ölkələrində qeyri-leqal fəaliyyət göstərən “Hizbut-Təhrir” təşkilatının fəal üzvü Abdurəsul Abdurəhimov hələ 1992-1999-cu illərdə Özbəkistanda dini ekstremist hərəkətlərinə və hakimiyyətin zor gücü ilə devrilməsinə yönəldilən çağırışlarına görə cinayət məsuliyyətinə cəlb olunmuş, lakin istintaqdan yayınaraq Azərbaycan ərazisində gizlənmişdir.
A.Abdurəhimov 2000-ci ilin avqust ayında terrorçu təşkilatın Bakıda özəyini yaradaraq dünyagörüşü məhdud, xurafatçı, səbatsız gəncləri ətrafına toplamış, məqsədyönlü dini təlim keçərək onları Azərbaycan dövlətçiliyinə qarşı terror fəaliyyətinə sövq etmişdir. Belə ki, cinayətkar dəstə Azərbaycanı dünyəvi və hüquqi dövlət quruculuğu prinsiplərindən çəkindirməyi, respublikada dini zəmində qarşıdurma yaratmağı, təşkilatın şəbəkəsini genişləndirməyi, öz adamlarını dövlət strukturlarına yetirməklə icra orqanlarını iflic vəziyyətinə salmağı, son nəticədə hakimiyyəti zor gücünə ələ keçirməyi qarşısına məqsəd qoymuşdur.
İstintaqla sübuta yetirilmişdir ki, Azərbaycanın Qərb dövlətləri ilə münasibətlərinin pozulmasında, əcnəbi sərmayədarların respublikanı tərk etməsində maraqlı olan “Hizbut-Təhrir” təşkilatının Bakı özəyi ABŞ-ın ölkəmizdəki səfirliyinin ərazisində, beynəlxalq təşkilatların ofislərində, qeyri-ənənəvi dini qurumların ibadət yerlərində kütləvi insan tələfatı ilə nəticələnəcək terror aktları törətməyi planlaşdırmış və ilkin hazırlıq görmüşdür.
Terrorçu qrupun üzvlərinin yaşadıqları mənzillərdə axtarış zamanı Azərbaycanın konstitusiya quruluşuna, ölkədəki ictimai-siyasi sabitliyə, dini tolerantlığa qarşı yönəldilmiş və qeyri-leqal yolla ölkəyə gətirilmiş ekstremist xarakterli xeyli ədəbiyyat, eləcə də partlayıcı qurğuların kustar üsullarla hazırlanması və istifadəsi barədə təlimat aşkar edilmişdir. Nazirliyin və Elmi Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutu mütəxəssislərinin birgə istintaq eksperimenti zamanı həmin təlimat üzrə hazırlanan partlayıcı maddələrin böyük dağıdıcı qüvvəyə malik olduğu təsdiqlənmişdir.
İstintaq araşdırmaları tamamlanmış, toplanmış materiallar məhkəməyə göndərilmişdir.
Abdurəsul Abdurəhimovun yaxalanması və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.