İDMAN
Millinin voleybolçusu: Heç bir rəqibə asan təslim olmayacağıq
Bakı, 15 may, AZƏRTAC
"15 ildir voleybolla məşğul oluram. İlk dəfədir yığmaya dəvət alıram. Təlim-məşq toplanışından layiqincə yararlanıb, oyunlarda nəticə qazanmaq istəyirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Cavid Əzimov Qızıl Avropa Liqasına hazırlıq barədə danışarkən deyib.
Yığmanın hücumçusu heç bir rəqibə asan təslim olmayacaqlarını bildirib: "Rumıniya və Ukrayna favorit hesab edilsələr də, meydanda sonadək mübarizə aparacağıq. Oyun praktikası cəhətdən zəif olsaq da, döyüşkənlik göstərəcəyik. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.