Mina partlayışları Ermənistanın davam edən müharibə cinayətlərindən biridir - Ekspert
Bakı, 29 aprel, AZƏRTAC
Ötən gün Tərtərdə daha 3 nəfər mülki vətəndaşımız Ermənistanın mina terrorunun qurbanı oldu. Ermənistanın Qarabağda törətdiyi terror və təxribatçı əməl nə birinci, nə də sonuncu qanlı insidentdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri, siyasi ekspert Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 298 nəfər mina qurbanı olub, onlardan 54 nəfər isə həyatını itirib. Ekspertin fikrincə, mövcud statistika bir daha təsdiq edir ki, Ermənistan dövləti Azərbaycan ərazisində böyük sayda piyada əleyhinə minalar basdırıb. Qeyd edib ki, minalar Azərbaycanın mülki əhalisinin yerləşdiyi ərazilərə yaxın basdırılması dinc əhalinin həyatı üçün böyük risk daşıyır.
V.Əhmədov əlavə edib ki, Azərbaycanın QHT nümayəndələri dəfələrlə Ermənistanın bu cinayətləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmağa çalışıblar. Amma bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar ciddi münasibət bildirmir. Təəssüf ki, hələ də mina terroru davam edir və Azərbaycan ərazisinə keçən qanunsuz erməni silahlıları son istehsal tarixi olan minaları ərazilərimizdə basdırırlar.
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri vurğulayıb ki, Azərbaycan dəfələrlə mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə və dünyanın mütərəqqipərvər qüvvələrinə çağırış edib. Azərbaycan hökuməti böyük investisiyalar sərf edərək mina təmizləmə işləri aparsa da, sərhədlərin nəzarətsiz qalması yeni minaların basdırılmasına zəmin yaradırdı.
Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu hissəsində Azərbaycanın nəzarət buraxılış məntəqəsinin qurulması bizdə ümid yaradır ki, artıq qanunsuz erməni birləşmələrinin Azərbaycan ərazisində bu cür təxribatların törətməsinin qarşısı alınar və bu proses artıq davamlı hal almaz. Bu baxımdan Laçın rayonu ərazisindən Azərbaycana daxil olan bütün şəxslər tam yoxlanmalı və nəzarət olunmalıdır.
Ekspert vurğulayıb ki, Azərbaycan yetərincə mina terroru nəticəsində qurban verib və bütün bunlar Qarabağ iqtisadi zonasında quruculuq işlərinin aparılması və qayıdış prosesinə də ciddi bir əngəldir. Təbii ki, dövlət səviyyəsində minaların təmizlənməsi və beynəlxalq səviyyədə də bu məsələnin gündəmə gətirilməsi, o cümlədən beynəlxalq hesabatlara salınması çox önəmlidir.
Vüqar Əhmədov bildirib ki, mina partlayışları zamanı insanların həyatlarını itirməsi və yaralanması Qarabağ müharibəsinin qalıqları deyil, Ermənistanın davam edən müharibə cinayətləri, o cümlədən mülkü əhaliyə yönəlmiş mina terrorudur.