Mina təhlükəsi Azərbaycan üçün böyük problemdir
Bakı, 12 may, AZƏRTAC
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təxminən 12 min kvadrat kilometrlik ərazini işğaldan azad etdi. Minalar, partlamamış hərbi sursatlarla bağlı problemə görə bu ərazilərin beynəlxalq təcrübəyə əsasən 8 min kvadrat kilometrdən çox ərazisində yoxlamalar aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Bildirib ki, 2020-ci ilin statistikasına görə Azərbaycan dünyada ərazisinin minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsinə görə ilk onluqda yer alan ölkədir. Yəqin ki, son statistikada ölkəmiz ilk beşlikdə və ya üçlükdə qərar tutacaq. Çünki 2020-ci ilin statistikası bizim Vətən müharibəsindən əvvəlki dövrü əhatə edirdi.
“Mina təhlükəsi Azərbaycan üçün böyük problemdir. Beynəlxalq miqyasda da belə qəbul olunub ki, mina problemləri hansısa ölkənin daxili işi hesab olunmur. Beynəlxalq ictimaiyyət və mina təmizləmə təşkilatları bu prosesdə iştirak etməlidirlər. Təəssüf ki, Azərbaycan beynəlxalq ictimaiyyətdən adekvat cavab ala bilmir. Bu da ölkəmizdə mina qurbanlarının sayının durmadan artmasına səbəb olur. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazın yerdə qalan ərazilərindəki mina qurbanlarının sayından çoxdur. Demək olar ki, hər həftə, hər ay yeni mina qurbanları ilə bağlı məlumatlar alınmaqdadır. Artıq 301 nəfərin mina qurbanı olması ilə bağlı məlumat var ki, onlardan 55 nəfəri həlak olub”, - deyə Hafiz Səfixanov qeyd edib.