REGİONLAR
Mingəçevir Dövlət Universiteti "Həkimlərimizə məktub yazaq" təşəbbüsünə start verir
![Mingəçevir Dövlət Universiteti](/files/2020/1/1200x630/15867849492627963533_1200x630.jpg)
Mingəçevir, 13 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı hamılıqla mübarizə apardığımız mövcud şəraitdə ölkəmizin həkimləri və bütün tibb işçiləri xüsusi fədakarlıq göstərirlər. İnfeksiyaya yoluxmuş onlarla vətəndaşımız məhz həkimlərimizin gecə-gündüz çalışması sayəsində sağalaraq öz doğmalarına qovuşub. Virusla mübarizədə öz sağlamlıqlarını təhlükə altına atan həkimlərimiz günlərlə doğmalarını görə bilmirlər. Bizləri evdə qalaraq sağlam qalmağa çağıran həkimlərimiz özləri daim iş başındadırlar.
Hər bir Azərbaycan vətəndaşı kimi, Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları və tələbələri də həkimlərimizlə qürur duyur, fədakar əməklərinə görə onlara dərin minnətdarlıqlarını bildirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün bunları və MDU-nun Tələbə Gənclər Təşkilatının təşəbbüsünü nəzərə alaraq, universitet "Həkimlərimizə məktub yazaq" təşəbbüsünə start verir.
Təşəbbüsə qoşulmaq şərti belədir:
-Həkimlərimizə ünvanlanan və əlyazısı ilə yazılan məktubun şəklini öz “facebook” səhifənizdə #həkimlərimizəməktubyazaq həştəqi ilə paylaşmaq;
-Paylaşımda “Mingəçevir Dövlət Universiteti” və “MDU TGT” “facebook” səhifələrini qeyd etmək.
MDU-nun bütün tələbələri və əməkdaşları, eləcə də istənilən şəxs universitetin “Həkimlərimizə məktub yazaq” təşəbbüsünə qoşulmağa dəvət olunur.