Minifutbol üzrə Siyəzən birinciliyinə start verildi - 17 komanda mübarizə aparır
Siyəzən, 18 iyun, AZƏRTAC
Siyəzəndə keçirilən minifutbol üzrə rayon birinciliyində 17 komanda mübarizə aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə, həmçinin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Müəssisə və təşkilatları təmsil edən komandalar dörd qrup üzrə yarışacaqlar. Qrup oyunları başa çatdıqdan sonra hər qrupda 1-ci və 2-ci yerləri tutan komandalar yarımfinal mərhələsinə yüksələcəklər.
Turnirin açılış mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova çıxış edərək Azərbaycanda idmanın inkişafı və son illər minifutbola əldə olunan yüksək nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən son Avropa çempionatında uğurla çıxış edərək birinci olub.
Minifutbol turnirinə siyəzənli şəhid Elnur Qafarovun oğlu Pərviz Qafarovun topa ilk toxunuşu ilə start verilib.
Bir aya yaxın davam edəcək yarışın qalibi iyulun 10-da keçiriləcək final oyununda müəyyənləşəcək.
Turnirin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq.
Müxbir - Elxan Yusifli