Misir həkimləri koronavirusun müalicəsində yapon istehsalı olan “Avigan” preparatına üstünlük verirlər
Qahirə, 15 may, AZƏRTAC
Misir Prezidentinin səhiyyə müşaviri Məhəmməd Tacüddin bəyan edib ki, 50 koronavirus xəstəsinin Yaponiya istehsalı olan “Avigan” dərman preparatı vasitəsilə müalicəsi aparılır. Bu dərmanın istifadəsi və ölkəyə daha çox idxalı üçün yapon şirkəti ilə məsləhətləşmələr aparılır. Yaponiyanın “Fujifilm Holdings Group” korporasiyasının istehsal etdiyi “Avigan” qripin müalicəsində ən effektiv dərman preparatı hesab edilir. Bunu Çin alimləri də təsdiq ediblər.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə naziri Halə Zayid bildirib ki, ölkənin karantin xəstəxanalarında COVID-19 virusuna yoluxanların müalicəsində malyariya və QİÇS virusu əleyhinə dərman preparatlarından istifadə olunur. O əlavə edib ki, insanların həmin dərmanları özbaşına qəbul etməsi qadağandır və onların yalnız həkim nəzarəti altında istifadəsinə icazə verilir. Nazirin sözlərinə görə, əsas müalicə vasitələrindən biri də “plazma liftinq” prosedurudur.
Bundan başqa, Qahirə Universitetində mövcud dərman preparatlarının koronavirusun müalicəsində istifadəsinə dair 8 laboratoriya tədqiqatı aparılır. Universitetin alimləri Çində COVID-19 virusunun yayılmasından sonra elmi tədqiqatlara başlayıblar. Laboratoriyalarda çalışan 55 tədqiqatçı-alim bu günədək yeni növ koronavirusun müalicəsində mövcud dərman preparatlarının istifadəsinə dair 18 elmi iş təqdim edib. Universitetin məlumatında qeyd olunur ki, misirli alimlər bu sahədə İsrail, Türkiyə, İordaniya, Səudiyyə Ərəbistanının alimləri ilə əməkdaşlıq edirlər. Hələlik adları açıqlanmayan dərman preparatlarının virus əleyhinə və orqanizmin immun sistemini gücləndirən xassələrinin olduğu qeyd olunub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə