Misir qəzeti: Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana bir daha xəbərdarlıq edib
Qahirə, 13 dekabr, AZƏRTAC
Misirin nüfuzlu “Əl-Məsr əl Youm” qəzetində “Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin həllində heç bir rol oynamadığını bildirib” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi, tanınmış jurnalist Bəssam Ramadan yazıb: “Azərbaycanın dövlət başçısı Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə regionda artıq yeni şəraitin olduğunu söyləyib. Prezident İlham Əliyev təxminən 30 il davam edən Qarabağ probleminin Azərbaycanın özü tərəfindən hərbi və siyasi yollarla həll edildiyini əlavə edib”.
Məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti Qarabağ münaqişəsini nizama salmaq məqsədi daşıyan ATƏT-in Minsk qrupunun 28 illik fəaliyyətinin tamamilə səmərəsiz olduğunu vurğulayıb. O əlavə edib ki, dövlət başçısı kimi onun özü 17 il davam edən danışıqlarda iştirak edib və bu qurumun fəaliyyətinin nəticə verməyəcəyi qənaətinə gəlib. Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryanın müharibə cinayətkarı olduqlarını da qeyd edən Prezident Əliyev bildirib ki, onlar indi bütün məsuliyyəti hakimiyyətə təsadüf nəticəsində gəlmiş Paşinyanın üzərinə qoymağa çalışırlar.
Müəllif diqqətə çatdırıb ki, ermənilərin uzun müddət işğal altında saxladıqları ərazilərə vurduqları ziyana görə Prezident İlham Əliyev məhkəmə prosesinin başladıldığını da deyib və yeni hərbi təxribatlara başlayacağı təqdirdə erməni faşizminin başının “dəmir yumruqla” əziləcəyi, Ermənistan ordusunun tamamilə darmadağın ediləcəyi barədə xəbərdarlıq edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə