Moldova parlamentində hökumətə etimadsızlıq votumu müzakirəyə çıxarılır
Bakı, 5 oktyabr, AZƏRTAC
Moldova parlamentinin müxalif “Kommunistlər və sosialistlər bloku” fraksiyası Dorin Reçan hökumətinə etimadsızlıq votumu barədə qətnamə layihəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, sənədin mətni bu gün parlament tribunasında səsləndirilib.
“Siyasi loyallıq prinsipi ilə formalaşdırılan hökumət sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Ardıcıl olaraq ikinci ildir ki, hökumət öz fəaliyyəti barədə parlamentə hesabat təqdim etmir. Nazirlər parlament və xalq nəzarətindən kənarda qalıb”, - deyə sənədin mətnində bildirilir.
Sənədin müəllifləri heç bir arqument olmadan ölkədə fövqəladə vəziyyət rejiminin saxlanılmasını və iqtisadiyyatda qeyri-qənaətbəxş vəziyyəti, həmçinin sosial siyasətdə uğursuzluqları etimadsızlıq votumu üçün əsas gətirir.
Müxalif fraksiyanın fikrincə, iqtisadiyyata dəstək istiqamətində misilsiz tədbirlərə əl atan digər dövlətlərdən fərqli olaraq Moldova hökuməti heç bir iş görməyib. 2022-ci ildə ölkədə ümumdaxili məhsulun həcmi 5,9 faiz, cari ilin ilk yarısında isə 2,4 faiz azalıb. İqtisadiyyat tənəzzülə uğrayır və təcili tədbirlər görülməsə kollaps baş verəcək.
Moldova qanunvericiliyinə əsasən, hökumətə etimadsızlıq votumu barədə təşəbbüsün irəli sürülməsi üçün deputatların ən azı dörddə birinin (101 deputatdan 26-sının) imzası tələb olunur. Qətnamə layihəsi parlamentin növbəti iclasında müzakirə ediləcək. Hökumətin istefası üçün azı 51 deputatın səsi lazımdır. Hakim “Fəaliyyət və həmrəylik” partiyası parlamentdə 63 mandata sahibdir.