Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Qobustanda tədqiqat aparıblar
Bakı, 31 may, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərova, kiçik elmi işçilər Səidə Zülfüqarova, Səbinə Omarova və doktorant Natella Əliyeva Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd dəmyə şəraitində becərilən, fərqli davamlılıq nümayiş etdirən müxtəlif yumşaq buğda genotiplərində molekulyar-biokimyəvi tədqiqatların aparılması və buğdaların rüşeym plazmasının Aegilops speltoides mənşəli Sr39 geninə görə yoxlanılması üçün nümunələrin toplanılması olub.
Təcrübə sahələrində müxtəlif nəzarət pitomniklərində əkilmiş yerli hibridləşmə əsasında stabilləşmiş F5 xətləri və beynəlxalq təşkilatlardan alınan müxtəlif ekoloji mənşəli buğda sort nümunələrinin monitorinqi aparılıb. Eyni zamanda, Qobustan rayonu ərazisində buğda əkini sahələrində Puccinia graminis Pers. f. sp. tritici göbələyinin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib.