Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Qadınlar şurasının iclası keçirilib
Bakı, 31 yanvar, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Qadınlar şurasının “Mənəviyyat və qadın məsuliyyəti” mövzusunda iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şuranın sədri, biologiya üzrə fəlsəfə doktoru Fazilə Qasımova cəmiyyətin inkişafında qadının rolundan danışıb. Vurğulayıb ki, qadın öz mənəviyyatı, yüksək əxlaqi keyfiyyəti ilə cəmiyyət üçün yetişdirdiyi şəxsiyyətə müsbət örnək olmalıdır.
Biologiya və Biotexnologiyalar İnstitutunun təhsil şöbəsinin baş mütəxəssisi Qənfilə Bayramova çıxışında qadınlara daha çox səbirli və məsuliyyətli olmağı, ailə dəyərlərini qoruyub saxlamağı tövsiyə edib.
Qadınlar şurasının sədr müavini, biologiya üzrə fəlsəfə doktoru Səadət Xudaverdiyeva qeyd edib ki, qadınlar cəmiyyətdə və ailədə kişilərdən fərqli məsuliyyət dairəsinə malikdirlər. Onun sözlərinə görə, kişilər karyerada, işdə uğurlara cavabdehdirsə, qadınlar valideyn-övlad, ailədə tərəflərin münasibətləri, cəmiyyətdə övladlarının uğuruna görə məsuliyyətli olmalıdırlar. İnstitutun doktorantı Nərgiz Bayramova qadınların elmdə, ictimai-siyasi həyatda rolundan danışıb.
Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında yüksək fikirləri vurğulanıb.