MOLLA NƏSRƏDDİN JURNALININ 100 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” xüsusi ədəbi məktəb yaratmış, milli mətbuatımızın inkişafının qızıl səhifələrini yazmışdır. Xalq yumorundan, klassik Azərbaycan ədəbi və dünya bədii-publisist irsinin ənənələrindən məharətlə bəhrələnərək publisistikamızı janr, üslub baxımından zənginləşdirən jurnal yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ədəbiyyatlarında demokratik meyillərin güclənməsinə misilsiz təsir göstərmişdir.
Mədəni həyatımızın və ədəbi-ictimai fikrimizin inkişafındakı müstəsna yerini, milli özünüdərkin bərqərar olmasında böyük əhəmiyyətini nəzərə alaraq, “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinin respublikada layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə, eləcə də XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafına töhfələr vermiş digər maarifçi mətbuat orqanlarına həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2006-cı il.