Monteneqronun nümayəndə heyəti Milli Məclisdə olub
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədr müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və dostluq münasibətləri əsasında əlaqələrin daim genişlənməkdə olduğunu vurğulayıb. Adil Əliyev qonaqlara Azərbaycan parlamenti, ölkədə bütün sahələrdə, xüsusilə sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verib.
Adil Əliyev söhbət əsnasında qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə, sülh sazişinin imzalanması istiqamətində lazımi addımları atsa da, Ermənistan sülh və sabitliyin təmin olunmasına mane olur.
Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviç Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. O, parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradır.
Monteneqrolu nazir bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sahədə də görülən işlər, aparılan islahatlar dost ölkə kimi onları çox sevindirir.
Nazir ölkələrimiz arasında energetika sahəsində də əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Söhbət zamanı, həmçinin Azərbaycanla Monteneqro arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Monteneqronun ölkəmizdəki səfiri Perisa Kastratoviç və digər rəsmi şəxslər iştirak ediblər.