MOSKVA KAFELƏRİNDƏN BİRİNDƏ BAŞ VERMİŞ PARTLAYIŞ NƏTİCƏSİNDƏ HƏMVƏTƏNİMİZ HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 4-də gecə Moskva şəhərinin General Belov küçəsində yerləşən “Artizan” kafesində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır. Moskva Şəhər Baş Daxili İşlər İdarəsinin məlumatına görə, partlayıcı qurğu kafedə 30-dək adamın iştirakı ilə yas mərasiminin keçirildiyi vaxt işə düşmüşdür. Nəticədə Moskvada müvəqqəti qeydiyyatda olan həmvətənimiz, 53 yaşlı Hüseyn Əkbər oğlu Kərimov yerindəcə keçinmişdir.
Bu barədə məlumat verən Ümumrusiya Azərbaycan Konqresinin Moskva bölməsinin nümayəndəsi İlqar Hacıyev bildirmişdir ki, partlayış nəticəsində yaralanmış azərbaycanlılardan 5-nin vəziyyəti orta ağır, ikisininki isə ağırdır. Onun sözlərinə görə, H.Kərimovun cənazəsi Azərbaycana göndəriləcəkdir.
Hadisəni araşdıran hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış təxminən saat 22-də baş vermiş, partlayıcı qurğunun gücü trotil ekvivalenti ilə 400 qram təşkil etmişdir. Cinayətkarın əldəqayırma bombanı kafeyə çantada gətirib stollardan birinin yanına qoyduğu güman olunur.