Moskvada “Yarımdünya” adlı Azərbaycan filminin nümayişi olub
Moskva, 12 may, AZƏRTAC
Moskvadakı “Bakı” kinoteatrında baş prodüser Tural Əsədovun və baş rolun ifaçısı, aktrisa Gülsarənin iştirakı ilə “Yarımdünya” adlı bədii filmin nümayişi olub.
“AZEproject” tərəfindən təşkil olunmuş filmin nümayişində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri iştirak ediblər.
Gecəni tanınmış Rusiya rejissoru Cəfər Axundzadə açaraq Rusiyada Azərbaycan filmlərinin nümayişini təşkil etdiyinə görə Elman Əzimzadənin başçılıq etdiyi “AZEproject” komandasına təşəkkürünü bildirib. O deyib: “Belə tədbirlər Vətəndən uzaqda yaşayan gənclərimizi sıx birləşdirir, Azərbaycanın müasir kino sənayesinin ən yaxşı nailiyyətləri ilə tanış olmağa kömək edir”.
Prodüser və baş rollardan birinin ifaçısı olan Tural Əsədov “Yarımdünya” filminin yaradıcı kollektivi adından Moskvada filmin nümayişini təşkil edənlərə təşəkkür edib və ümidvar olduğunu bildirib ki, film zalda əyləşən hər bir tamaşaçının rəğbətini qazanacaq.
Amerika Kino Aktyorları Gildiyasının üzvü, Dəniz rolunun ifaçısı, aktrisa Gülsarə tədbirdə iştirak edənləri salamlayaraq, onlara filmdə iştirak etmiş aktyorların salamlarını çatdırıb. O deyib: “Uşaqların hər biri bugünkü tədbirdə iştirak etmək istəyirdi, lakin iş və məşq qrafiki sıx olduğundan buraya gələ bilmədilər”.
Tədbir çərçivəsində həmçinin gənc Azərbaycan rejissoru, “AZEproject” komandasının üzvü Fariz Məlikovun “Səma” adlı qısametrajlı filminin premyerası olub.
“Yarımdünya” filminin nümayişindən sonra qonaqlara aktyorlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı verilib.
“Yarımdünya” filmi məhəbbət və dostluq əhvalatlarının sıx culğalaşdığı bir dramatik filmdir. Filmdə qədim Bakının dar küçələri və tamaşaçını təkcə şəhərin arxitekturası ilə deyil, həm də onun zəngin mədəniyyəti ilə tanış edən digər görməli yerləri çəkilib. Bakıda filmin premyerası aprelin 6-da “ParkCinema”da keçirilib.
Filmdə aktyorlar Kamran Ağabalayev və Pərvin Əbiyeva, populyar Azərbaycan ifaçısı Miri Yusif, “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Dilarə Kərimova çəkiliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva