ELM VƏ TƏHSİL
“Müasir dövrdə effektiv idarəetmənin problemləri”- konfrans
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda IX respublika elmi-praktik konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov konfransın mövzusunun çoxşaxəli fəaliyyət sahəsində idarəetmə ilə bağlı mövcud çətinliklərin araşdırılması və onların optimal həll yollarının müəyyən edilməsi məqsədini daşıdığını diqqətə çatdırıb.
İdarəetmənin səmərəli təşkilində idarəetmə məktəblərinin əhəmiyyətli rol oynadığını, eyni zamanda, nəzəri biliklərin formalaşması, elmi tədqiqatların uğurla aparılması istiqamətinə təkan verdiyini konkret faktlarla dəyərləndirib.
Konfransda universitetin Elm və innovasiya şöbəsinin müdiri dosent Nəsirulla Nəsirlinin “Müasir universitetin təşkilati strukturu və idarəedilməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, ali təhsil müəssisələrinin maliyyə-iqtisadi əsaslarının və idarəetmə mexanizmlərinin bazar şərtlərinə uyğun yenidən qurulması təkcə universitetlərin davamlı inkişafını təmin etmir, həm də beynəlxalq təhsil məkanında rəqabət qabiliyyətini artırır. Bu proses ölkənin yeni sosial-iqtisadi quruluşuna uyğunlaşma, təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, tələb və təklif tarazlığının qorunması ilə yanaşı, innovativ yanaşmaların tətbiq olunmasını, tədris və elmi fəaliyyətlərin effektivliyinin artırılmasını da tələb edir. Belə dəyişikliklər həmçinin universitetlərin resurslardan daha səmərəli istifadə etməsinə və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
Plenar iclasda professor Məhərrəm Zülfüqarlının “İşğalçı XI Sovet ordusunun Azərbaycanda törətdiyi cinayətlər” mövzusunda çıxışı dinlənilib. O, xalqımıza qarşı törədilən faciələr, milli kimliyimizin sıxışdırılması, Azərbaycanın müstəqilliyinə zərbə vurmaq məqsədilə həyata keçirilən amansız siyasətin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıb. M.Zülfüqarlı bu cinayətlərin tarixi faktlar əsasında araşdırılmasının və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.
Bölmə iclasları çərçivəsində davam edən tədbirdə 80-dən çox məruzə dinlənilib.