Mübariz Camalov: Biz Cəbrayılı daha gözəl və daha abad edəcəyik
Bakı, 9 oktyabr, AZƏRTAC
Qarabağın işğaldan azad olunması dövlətimizin nə qədər qüdrətli, ordumuzun necə güclü olduğunu bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi zamanı dövlət və xalqın necə birlikdə olduğunu, bir yumruq halına gəldiyini gördük.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan İlahiyyat İnstitutunun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov söyləyib. Prorektor deyib: “Əlbəttə ki, torpaqlarımızın azad olunması orada doğulub boya-başa çatanlar üçün çox böyük əhəmiyyət kəsb edir. Fikrimcə, biz daha ülvi hisslər yaşadıq, qüdrətli dövlət, müzəffər ordu və güclü xalqın vəhdətinin şahidi olduq.
Cəbrayılın azad olunması xəbərini eşidəndə, orada böyüyüb-yaşayan biri kimi çox sevindim, ülvi hisslər yaşadım. Yenidən yaşadığımız evə qayıtmaq, xatirələri yada salmaq... Biz, artıq o torpaqlara gedə bilirik. Təbii ki, Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizə, qazilərimizə sonsuza qədər minnətdarıq və borcluyuq. Həmin torpaqları yenidən görmək isə bizə sevinc və qürur hissi bəxş edir.
Biz, həm də ona görə qürurluyuq ki, torpaqlarımız azad olunan kimi, orada bərpa və quruculuq işlərinə start verildi. Hamıya məlumdur ki, ermənilər işğal müddətində Cəbrayıl şəhərini və rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə-yeksan edib, ekoloji terror törədib.
Cəbrayılın işğaldan azad olunmasından bir il ötməsinə baxmayaraq, Prezident İlham Əliyevin səfəri zamanı bir çox əhəmiyyətli obyektlərin təməli qoyuldu. Eyni zamanda, “Cəbrayıl” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışı oldu. Bu, qürurverici hadisədir - təkcə cəbrayıllılar üçün deyil, ümumən bütün xalqımız üçün başucalığıdır. Beləliklə, bütün cəbrayıllılar, bütün məcburi köçkünlər öz torpaqlarına, yurd-yuvalarına qayıdacaqlar. Gözlədiyimiz həmin anlar həm də çox yaxın zamanlarda baş verəcək”.